AnarHörmətli Clopos istifadəçiləri,
5 avqust tarixində sistemlərimizə qarşı genişmiqyaslı xarici kiberhücum (DDoS) həyata keçirilib. Texniki komandamız hücumu aşkarladığı andan etibarən dərhal müdaxilə edib və hücum 2 saat ərzində tam neytrallaşdırılıb.
Ən vacibini əvvəlcədən qeyd edirik: bu hücum növü məlumat oğurluğuna yönəlmir. Heç bir müştəri məlumatı - satış tarixçəniz, maliyyə göstəriciləriniz və şəxsi məlumatlarınız oğurlanmayıb və risk altında olmayıb.
DDoS hücumu nədir?
Ən sadə dillə: təsəvvür edin, restoranınızın qapısına eyni anda minlərlə saxta "müştəri" doluşur - heç biri sifariş vermək üçün gəlməyib, məqsədləri yalnız qapını tutub əsl müştərilərin içəri girməsinə mane olmaqdır. DDoS də eynilə budur — hücumçular sistemimizə saniyədə 2-3 milyon saxta sorğu göndərərək əsl istifadəçilərin girişini bloklamağa çalışıblar. Bu isə normadan minlərlə dəfə çoxdur. Saxta "müştərilər" isə qapıda qaldı - heç biri içəri keçə bilmədi.
Sinxronlaşma gecikmələri barədə
Hücumun qarşısını almaq üçün şəbəkə konfiqurasiyasında (DNS) dəyişikliklər etmişik. Bu dəyişikliklərin bütün internet provayderlərinə yayılması vaxt tələb etdiyi üçün bəzi istifadəçilərimiz hazırda sinxronlaşmada gecikmələr yaşaya bilər. Bu, müvəqqəti haldır və məlumat itkisinə səbəb olmur - əməliyyatlarınız cihazda saxlanılır və əlaqə bərpa olunan kimi avtomatik sinxronlaşır. Tam funksional normallaşma prosesinin gün ərzində yekunlaşmasını gözləyirik.
Problem davam edərsə, dəstək komandamıza müraciət edin: 012 310 22 66.
İdarə Heyətindən müraciət
Clopos-u 2018-ci ildə Bakıda qurduğumuz gündən bəri prinsipimiz dəyişməyib: restoranınızın hər satışı, hər hesabatı bizim üçün şəxsi məsuliyyətdir. Bu gün 12 ölkədə 4.500-dən çox müəssisə gündəlik əməliyyatlarını bizə etibar edir və biz bu etibarın qiymətini yaxşı bilirik.
Hücum zamanı idarə heyəti də daxil olmaqla bütün komanda ilk dəqiqədən prosesin içində idi və vəziyyət tam sabitləşənə qədər işin başındayıq. Belə hücumlar dünyanın ən böyük texnologiya şirkətlərinin də üzləşdiyi reallıqdır — fərqi hazırlıq və reaksiya müəyyən edir. Bu hadisədən çıxardığımız nəticələr əsasında müdafiə sistemlərimizi daha da gücləndirmişik və gücləndirməyə davam edəcəyik.
Yaşanan narahatlığa görə üzr istəyir, etimadınız üçün təşəkkür edirik.
Clopos İdarə Heyəti06.08.2026